Günümüzün gəncliyi...

02 Fevral 2018 10:15

Hər bir xalqın gələcəyi onun gənclərindən asılıdır. Savadlı, elmli, vətənpərvər gənclikdən. Elə müsahibim Emin Rəhimzadə kimi. O, ali təhslini qonşu Gürcüstandakı universitetlərin birində alır. Deyir ki, Azərbaycan tarixinin, mədəniyyətinin gürcü eləcə də, digər xalqlara çatdırılması üçün əlindən gələni edir. Emin də hər bir azərbaycanlı kimi Qarabağ dərdi olan bir ölkənin vətəndaşı olduğunu heç vaxt unutmur. O, dərk edir ki, düşmənlə mübarizə təkcə sərhəddə getmir. İnformasiya mübarizəsinin qurulması da olduqca  vacibdir. Bu gün gənclər siyasəti dövlətin əsas istiqamətlərindən birinə çevrilib. Bu siyasət digər sahələrlə də sıx bağlıdır. Heç də təsadüfi deyil ki, elm və təhsildə gəncləşmə meyili müşahidə olunur. Azərbaycan gənclərinin potensialı o qədər böyükdür ki, bu gün respublikanın istənilən regionunda, istənilən sahəsində gənclərə rast gəlinir. Azərbaycan tərəfindən həyata keçirilən və əsrin layihələrindən biri kimi qiymətləndirilən "ASAN xidmət" buna nümunə ola bilər. Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. Azərbaycan gənclərinin inkişafında gənclər təşkilatlarının da rolu danlmazdır. Ölkəmizdə 300-dən artıq qeyri hökumət gənclər təşkilatları fəaliyyət göstərir. Müxtəlif dövlət idarələri də sözügedən qurumlara  dəstəyini əsirgəmir. Azərbaycan gənclərinin uğurlarından danışarkən Reyhan Camalovanı unutmaq olmaz. O, yağış suyundan enerji istehsal edən qurğu yaradıb. Camalovanın bu nailiyyəti Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp tərəfindən yüksək qiymətləndirilib. İnanırık ki, bu ildə Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurlar qazanacaq.


KƏBİRƏ TAĞIYEVA