Körpü, yoxsa köprü?

01 Fevral 2018 14:26

Alqı-satqı, İsgəndər, əsgər... AMEA-nın Orfoqrafiya Komissiyası və  Nəsimi adına Dilçilik İnstitutu bu kimi sözlərin dəyişdirilməsini ictimai müzakirəyə çııxarıb. Təkliflər arasında ekspress, stress, press kimi sözlərin bir s ilə yazılması da tövsiyə edilir. Bu məsələlər son vaxtlar ictimaiyyət arasında böyük səs-küyə səbəb olub. Xüsusilə də sosial şəbəkələrdə əsl problemə çevrilib. Dilçilər deyirlər ki, orfoqrafiya lüğətinin ictimaiyyət arasında bu qədər müzakirə doğurması əslində müsbət haldır. Amma mövcud məsələ ətrafında ədəbiyyat, elm adamları, dilçi və jurnalistlərin fikir yürütməsi daha doğru olardı. Çünki bu, birbaşa onların işi ilə əlaqəlidir. Dilçilər hesab edirlər ki, bu vaxta qədər iki y ilə yazdığımız ədəbiyyat, riyaziyyat kimi sözlər tək y ilə yazılan tərbiyə, ehtiyat tipli sözlərlə eyniləşdirilməlidir. Çünki Azərbaycan dilində yazılışla deyiliş arasında fərq bir  qədər çox olduğundan bəzi insanlarda bu, çaşqınlıq yaradır. Təklif edilən dəyişiklik isə tələffüzlə yazı arasındakı fərqi azaldacaq. Həm də İsgəndər, işgəncə kimi sözlərin mənbədə G hərfi ilə yazılmasını Dilçilik İnstitutu dil normativləri baxımdan yanlış hesab edir. Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, sözləri tərtib edərkən onun mənbə dili əsas götürülməməlidir. Çünki elə ərəb-fars mənşəli sözlər var ki, artıq bizim dilimizə daxil olub və özünə pasport qazanıb. Bununla yanaşı dilimizdəki bəzi sözlərin də cilalanmasına ehtiyac var. Böyük ədiblərimizin yaradıcılığında rast gəldiyimiz torpağın topraq, kirpiyin, kiprik, körpü kimi sözlərin isə köprü yazılaraq təqdim edilməsi daha doğrudur. Bununla bağlı Dilçilik İnstitutundan bildirildi ki, İşçi qrupu yaradılıb və  həmin komissiya instituta daxil olan məktubları araşdırır. Təklif edilən dəyişikliklər hələ ki, ilkin variantdır. Orfoqrafiya ilə bağlı hansı təkliflər təqdirəlayiq və əsaslandırılmış olsa, nəzərə alınacaq. Təxminən bir aya qədər bu istiqamətdə işlər yekunlaşacaq,  yeni orfoqrafiya kitabı tərtib olunacaq. Mütəxəssislər hesab edirlər ki, dilimizə yeni sözlər daxil edildiyindən orfoqrafiq qaydaların tez-tez dəyişdirilməsinə ehtiyac var. Amma bu dəyişikliklər heç vaxt cəmiyyətdə birmənalı qarşılanmasa da zamanla qəbul edilir. O da vurğulandı ki, 1975-ci ildə sovet dövründə buraxılan orfoqrafiya lüğəti nə qədər mükəmməl idisə, 2013-cü ildə çıxan lüğətdə bir o qədər ciddi xətalar var idi. Yeni orfoqrafiya lügətində  bütün bunlar nəzərər alınacaq. Bu baxımdan, mütəxəssislər düşünürlər ki, yeni orfoqrafiya lüğəti daha zəngin və təkmilləşmiş formada olacaq. Daha sözlərdən söz düzəldib leksik fondumuzu süni şəkildə şişirtməyə ehtiyac qalmayacaq.


SİMNARƏ HƏMİDQIZI