“Jewish Journal” Azərbaycandan yazdı

31 Yanvar 2018 10:43

Amerikada nəşr olunan “Jewish Journal”da Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yanvarın 27-sinin Holokost qurbanlarının Beynəlxalq Anım Günü olmasını vurğulayaraq yazır ki, Holokost və İkinci Dünya müharibəsi bəşəriyyət tarixində çox böyük faciədir. Yazıda qeyd edilir ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycanın orta hesabla hər altı sakinindən biri nasistlərə qarşı döyüşüb və həlak olub. Ümumilkdə 400 minə yaxın azərbaycanlı nasizmin qurbanı olub. Həmişə tolerantlıq mərkəzi kimi fərqlənən Azərbaycan İkinci Dünya müharibəsi dövründə yəhudilərə sığınacaq verib. Yevdayev Holokost qurbanlarını yad etməklə bərabər Azərbaycanın Xocalı şəhərindən olan məcburi köçkün Anar Usubov haqqında da yazır. O, qeyd edir ki, Anarın mənsub olduğu böyük ailənin 25 üzvünü 1992-ci il Xocalı faciəsi zamanı erməni silahlıları vəhşicəsinə qətlə yetirib. Müəllif yazır ki, Anarın babası Şahhüseyn Holokost zamanı neçə-neçə yəhudini xilas edib qəhrəman olub. Müəllif sonda vurğulayır ki, Azərbaycanda Şahhüseyn kimi insanlar çoxdur, bu ölkədə yəhudiləri əsrlərboyu müdafiə ediblər.