Paytaxtda qanunsuz silah gəzdirənlər tutuldu

30 Yanvar 2018 16:25

Yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onunla aparılan profilaktik söhbətlər zamanı Süleyman, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib. Qeyd olunan ünvana baxış keçirilib, nömrəsi silinmiş 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb. Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər polislər tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, Bakı şəhər sakini Natiq Ələkbərov saxlanılıb. Onu üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb. Daha bir uğurlu əməliyyat zamanı Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində ələ keçib. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.