"Ermənistan dünya üçün təhlükədir"

30 Yanvar 2018 14:17

İsrailin nüfuzlu “Jerusalem Post” qəzeti “Holokost və Avropa yəhudilərinin xilas edilməsində Azərbaycanın rolu”ndan yazıb. Müəllif, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut erməni vəhşiliyini qınayıb. O, vurğulayır ki, Avropa yəhudiləri üçün əsl fəlakət olan Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. Həmin dövrdə yəhudilərin gizlənə biləcəyi yerlər az idi. Belə dövlətlərdən biri həmişə başqa xalqlara humanist münasibəti ilə fərqlənən Azərbaycan olub. Müəllif yazır ki, İkinci Dünya müharibəsində Azərbaycanda özlərinə sığınacaq, sonra isə Vətən tapan insanlar arasında onun ailə üzvləri də olub. Onlar Azərbaycan xalqının humanistliyi və tolerantlığı sayəsində xilas olublar. Müəllif qeyd edib ki, yəhudi uşaqlarını alman faşistlərindən xilas edən qəhrəmanların özlərinin məzarı indi erməni faşistlərinin ayaqları altındadır. Sitat: "Holokost mənim xalqımın faciəsidir, bu faciə uzun müddət qapalı mövzu olub. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi qanlı soyqırım aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də faciəmdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutanlar və törədilən soyqırımın digər təqsirkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətlər doğurur"-sitatın sonu. Məqalədə Ermənistanda faşizm ideologiyası və irqi ayrı-seçkiliyin dövlət səviyyəsində təbliğ edildiyi də vurğulanıb. Arye Qut məqalənin sonunda bir daha diqqətə catdırır ki, Ermənistan faşizmi və terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya bunun qarşısını almaqda acizlik nümyiş etdirsə bu, sonda bütün dünya birliyi üçün təhlükəyə çevriləcək.