AP üzvündən qəbuledilməz addım

29 Yanvar 2018 17:46

"Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunan ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Bildirilib ki, bu kimi qanunsuz səfər ilə Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir. Hikmət Hacıyev qeyd edib ki, aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə Avropa Parlamentinin üzvü kimi Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Aland adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi.