ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edildi

29 Yanvar 2018 14:04

ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul olunub. Qətnamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də BŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilib. Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilib.