Vəzifə başında rüşvət alanlar saxlanıldı

27 Yanvar 2018 17:25

Bakıya gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyənləşdirilən ödəmələrdən artıq məbləğdə pul alan şəxs saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Zakir oğlu Xəlillinin qanunsuz əməlləri ifşa edilib. Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul alan Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Lətif Fərhad oğlu Zeynalovun və nəzarətçi gizir Zaur Taleh oğlu Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıb. Həmin şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkarlanaraq götürülüb, xarici vətəndaşlar onların  qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.