Faktiki hava açıqlandı

27 Yanvar 2018 15:14

Cənub bölgəsində bir neçə gündür qeyri-sabit hava şəraiti davam edir. Fasiləsiz yağan yağış bəzi yerlərdə qara çevrilib. Masallı, Lənkəran, Astarada hazırda yağışlı hava müşahidə edilsə də, Yardımlı və Lerik rayonlarına qar yağıb. Lerikin mərkəzində qarın qalınlığı 30 sm-ə, dağlıq ərazilərdə isə 40-50 sm-ə çatır. Hazırda Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində çətinlik yaşanmır. Yardımlının ucqar dağlıq ərazilərində qarlı hava şəraiti davam edir. Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 5, bəzilərində isə 6-7 dərəcə şaxta var. Hazırda saniyədə 10-15 metr sürətlə şimal-qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin yanvarın 28-ə kimi davam edəcəyi proqnozlaşdırılır. Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb. Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb. Bu arada Milli Hidrometeorologiya Departamenti yanvarın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunan faktiki havanı açıqlayıb. Bildirilib ki, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub. Qar örtüyünün hündürlüyü Şahdağ, Yardımlıda 19, Qəbələ, İsmayıllı, Mərəzədə 4 sm təşkil edib. Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.