Bakıdakı partlayışla bağlı FHN açıqlama verdi

27 Yanvar 2018 10:48

Bakının Dilarə Əliyeva küçəsində baş verən insidentlə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğınla nəticələnən partlayış qeydə alınıb. Nəticədə binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılan dəftərxana ləvazimatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Hadisə zamanı mağazada satıcı işləyən 57 yaşlı Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hazırda müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.