AŞPA-nın qış sessiyası başa çatdı

27 Yanvar 2018 10:36

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatıb. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edilib və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri olublar. Sessiya çərçivəsində “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” və “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı məruzələr avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub. Deputatlarımız erməni vandalizminin qurbanı olan balaca Zəhranın şəklini zalda nümayiş etdiriblər. Ermənistanın indiki müdafiə nazirinin azərbaycanlılara qarşı etnik təmizləmə apardığı diqqətə çatdırılıb, erməni deputatlardan həqiqətləri təhrif etməməy tələb olunub. Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq nümayəndə heyətimizin bütün üzvləri Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın xalqımıza qarşı törətdikləri cinayətlər, BMT-nin münaqişə ilə bağlı qətnamələri barədə çıxışlar edərək, qurumun yeni üzvlərini məlumatlandırıblar.