ABŞ mətbuatı Azərbaycandan yazdı

26 Yanvar 2018 16:16

Nüfuzlu “National Interest” nəşrində “Amerikaya Azərbaycan kimi strateji tərəfdaşlar lazımdır” sərlövhəli məqalə dərc edilib. Müəllif “İrs” fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffindir. O, yazır ki, Vaşinqton Cənubi Qafqazda yerləşən kiçik, lakin mühüm bir ölkə olan Azərbaycana diqqəti artırmalıdır. Ekspert təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın inkişafında Azərbaycanın rolundan söhbət açaraq qeyd edib ki, ölkəmiz terrorizmə qarşı mübarizə işinə sanballı töhfə verib. Yaxın gələcəkdə Azərbaycanda amerikalı və rusiyalı hərbi sərkərdələr arasında yüksək səviyyəli üçüncü görüş keçiriləcək. Koffi vurğulayır ki, BŞ-Rusiya münasibətlərində yaranan soyuqluğu nəzərə alsaq, bu cür görüşlər çox faydalı və əhəmiyyətlidir. Ekspert daha sonra Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm ənənələrindən söhbət açır. O, qeyd edir ki, bu ölkənin əhalisinin əksəriyyəti müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir. Koffi məqaləsinin sonunda yazır ki, əgər Amerikanın siyasi kursunda düzgün tədbirlər görülərsə, onda ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonrakı inkişafı hər iki ölkə üçün qarşılıqlı sərfəli olacaq.