Məruzəmiz AŞPA-da qəbul olundu

26 Yanvar 2018 11:43

"Ermənistan tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində böyüklərlə yanaşı uşaqlar da həlak olur". Bunu Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın qış sessiyasında deyib. O, məruzəçiləri bu məsələyə xüsusi diqqət yetirməyə və onu sessiyanın gündəliyinə daxil edilməsinə çağırıb. Deputat xatırladıb ki, torpaqlarımızın davam edən işğalı nəticəsində Azərbaycan tərəfindən 700-dən çox mülki şəxs, o cümlədən 92 azyaşlı itkin düşüb. "Azərbaycan silahlı münaqişələrin uşaqlar üçün yaratdığı fəsadları təhlil edilməsini təklif edir". Bu fikirləri isə deputat Sevinc Fətəliyeva səsləndirib. O, əlavə edib ki, məruzəsinin məqsədi Suriya, Myanma, Sudan, Dnestryanı bölgə, Dağlıq Qarabağ və Ukraynadakı münaqişələrdən əziyyət çəkən uşağların taleyinə diqqət çəkməkdən ibarətdir. O, həmçinin münaqişələrdən əziyyət çəkən uşaqların həyatının təhlükədə olduğunu da vurğulayıb. Sonda Sevinc Fətəliyevanın hazırladığı “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə yekdilliklə qəbul olunub. "Avropa Şurası Parlament Assambleyasının həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır" bu fikirlər isə millət vəkili Səməd Seyidova məxsusdur. Monitorinqin məqsədi üzv ölkələrin qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsipləri kimi Avropa Şurasının standartlarına uyğun hüquqi və siyasi çərçivədə fəaliyyətinə əmin olmaqdır.