İş axtaranların nəzərinə!

26 Yanvar 2018 10:28

“Əgər ali məktəbə daxil ola bilməsən, o zaman peşə məktəbində oxumalı olacaqsan”. Övladlarının birmənalı ali təhsilə yiyələnməsini istəyən valideynlər bəzən bu fikirləri dilə gətirməklə peşə təhsili məktəblərinə yuxarıdan aşağı baxırlar. Nəticədə də gənclər biliyi nəyin bahasına olursa olsun ali təhsil almağa çalışır və onların peşə məktəblərinə barmağarası yanaşması kadr çatışmazlığına gətirib çıxarır. Ölkəmizdə 100-dən çox peşə təhsili verən məktəblər olsa da, ixtisaslı kadrlar üçün iş axtarışı saytlarına baxmaq kifayət edir. Bu çatışmazlıq əsasən müəssisələrin işinə mənfi təsir göstərir. Çünki avadanlıq və ya cihazlarla işləyə bilən mütəxəssis olmadığından müəssisələr xarici ölkələrdən kadr gətirmək məcburiyyətində qalır. Məlum olur ki, bu sahədə təkcə ali təhsilli deyil, orta peşə təhsilli gənclərə də tələbat var. Bundan başqa, ölkəmizdə sosial-iqtisadi sahələrdə islahatlar aparılır, kənd təsərrüfatı yenidən qurulur, yüngül sanaye sahələri yaradılır. Odur ki, müəyyən peşə sahələrinə yiyələnən mütəxəssislərə ehtiyac yarandığından peşə məktəblərinin aktivliyini artırması vacibdir. Sakinlər arasında  aparılan sorğuda isə fikirlər müxtəlif oldu. Peşə məktəblərinin stimullaşdırılmasına dair atılan addım qısa vaxt ərzində  bu sahədə irəliləyişlərin əldə olunması ilə nəticələndi. İlk növbədə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı, daha sonra peşə təhsili sahəsinə yeni ixtisaslar əlavə edilidi. Turizm və otelçilik bu sırada üstünlük təşkil edir. Otel və biznes sahəsində  çalışanlara, o cümlədən aşpazlara tələbat var. Son dövrlər isə daha çox dərzi və dizayner ixtisasları böyük maraq kəsb edir. Yəni, artıq ali təhsil o qədər də vacib deyil, əsas odur ki, bir peşənin bilicisi olasan.


SİMNARƏ HƏMİDQIZI