Artan və cavanlaşan xəstəlik...

25 Yanvar 2018 16:05

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Azərbaycanda da son zamanlar əhali arasında infarkt və insultdan əziyyət çəkənlərin sayı artıb. Adətən damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərinin olduğundan xəbərsiz olurlar. Ürək-damar xəstəliklərinin yaranma səbəbləri müxtəlifdir. Bunlar arasında irsən keçənləri də var. Dünya əhalisi arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Xolesterol müalicə edilmədiyi təqdirdə gənc yaşda da ölümə səbəb ola bilir. Çoxlu spirtli içki qəbul etmək, siqaret, oturaq həyat tərzi də ürək ağrılarına gətirib çıxarır. Adətən orta yaşlarda piylənmədən əziyyət çəkənlər çıxış yolunu idman etməkdə görürlər. Həkimlər bildirirlər ki, bunu da kor-korana etmək olmaz. Fitness zallarına getməzdən əvvəl müayinədən keçmək mütləqdir.  Ürək xəstəlikləri əsasən sinənin ortasında, mədə nahiyyəsindən başlayıb boyuna, hər iki qola, çiyinə və alt çənəyə qədər olan hissədə ağrılarla özünü birüzə verir. Bu ağrılar göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Amma bəzən sadalananların heç biri müşahidə edilmir. Mütəxəssislər ürəyində problemi olan şəxslərə daha çox gəzməyi məsləhət görürlər. Piyada yeriməyin damarların öz funksiyalarını yerinə yetirməsinə kömək etdiyi bildirilir. Amma bu zamanda da ehtiyatı əldən vermək olmaz. Çölə çıxarkən ağız və burun şal ilə bağlanmalıdır. Ürək xəstələrinə havanı isidərək içərilərinə çəkmələri tövsiyə edilir.


SAMİR NAMİQOĞLU