Rəsmi Bakıdan Sarqsyanın çıxışına münasibət

25 Yanvar 2018 14:33

"Serj Sarqsyan Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib. O, qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi, “ədalətin defisiti”, ilk növbədə, Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır. "Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair öz üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib". deyən Hikmət Hacıyev əlavə edib ki, güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Hikmət Hacıyev vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb.