"AŞPA-da islahatlar aparılmalıdır"

24 Yanvar 2018 14:28

"Bizim Avropa Şurası Parlament Assamleyasının yeni seçilən prezidentindən gözləntilərimiz islahatların aparılmasıdır". Bunu Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Avropa Şurasında islahatlar dövrü çoxdan başlamalı idi, deyən Səməd Seyidov vurğulayıb ki, bu islahatlar yalnız Avropa Şurasında deyil, digər beynəlxalq təşkilatlarda da həyata keçirilməlidir. O, qeyd edib ki, bu təşkilatın tərkibində bir böhran var və bundan yeganə çıxış yolu islahatların həyata keçirilməsidir.


AŞPA-nın toplantısında Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi də gündəmə gətirilib. Onlara qarşı işğalçı ölkənin törətdiyi vəhşiliyi əks etdirən fotolar nümayiş etdirilib və Nazirlər Komitəsinin yeni sədrindən onların azadlığa buraxılması üçün addımlar atması istənilib. Eyni zamanda diqqətə çatdırılıb ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir öz evlərinə dönə bilmir. Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT-in Minsk qrupunun səlahiyyətləri daxilindədir deyən Avropa Şurasının Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen bildirib ki, qurum tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.


Bu arada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilənin yaranmasının səbəbi açıqlanıb. Qurumun Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak bildirib ki, hələlik komitə Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğuldur. Şennak vurğulayıb ki, aprel ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlanacaq.