Taksi sürücülərinin yer davası

24 Yanvar 2018 10:28

"Bu ərazinin taksi xidmətini biz həyata keçiririk, get özünə başqa yer tap". Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin yer üstündə mübahisəsi son vaxtlar az qala, qlobal problemə çevrilib. Hər məkanda 4-5 sürücü olmaqla səhərdən axşama qədər müştəri gözləyənlər xidməti taksilər istisna olmaqla, kənardan gələnlərin onlarla eyni ərazidə fəaliyyət göstərməsinə mane olurlar. Necə deyərlər, sanki ərazini mənimsəyiblər. Ekspertlər deyirlər ki, nə qanunda, nə də dünya təcrübəsində belə bir qayda var. Sürücülərin bu iddiası əsassızdır. Qeyri-rəsmi məlumatlara görə, bu gün ölkədə 20 min nəfər müstəqil taksi fəaliyyəti ilə məşğul olur. Ona görə də onların fəaliyyətinə nəzarət etmək bir qədər çətindir. Ekspertlər hesab edirlər ki, məsələnin kökündə fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanının olmaması dayanır. Qanunla onlar vergi ödəyicisi kimi qeydiyyatdan keçib fərqlənmə nişanları almalı olsalar da, təəssüf ki, bu qaydalara riayət edilmir. Bəs taksi sürücüsünün fəqrlənmə nişanı alması nəyi dəyişir? Məlum olur ki, onlar üçün xüsusi yer ayrılır. Nəticədə nə məkanları qanunsuz olaraq zəbt etməyə, nə də yer üstündə bir-birləri ilə mübahisə etməyə ehtiyac qalır. Əslində paytaxtda taksi duracaqları olsa da, bu yetərli deyil. Bakı Nəqliyyat Agentliyi bu kimi problemlərin aradan qaldırılması ilə bağlı xüsusi mexanizm hazırlayır. Bu mexanizmdə taksi sürücülərinin xüsusi hazırlıq keçməsi məsələsi də var.


SİMNARƏ HƏMİDQIZI