“İl Giornale” Dağlıq Qarabağdan yazdı

18 Yanvar 2018 14:20

"İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişədir". Bu fikirlər ölkənin nüfuzlu “İl Giornale” qəzetində “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaldə dərc edilib. Münaqişənin tarixindən danışan müəllif Professor Andrea Marçiliano onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl etnik təmizləmə həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsizcəsinə şahidlik etdiyini vurğulayır. Müəllif yazır ki, Minsk qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb. Təəssüf ki, bu təkliflə məhəl qoyulmayıb. Müəllif ATƏT-in prinsipləri və öhdəliklərinə tam riayət olunmasına çağırış edib.