Yumruq davası ölümlə nəticələndi

17 Yanvar 2018 15:08

Abşeron rayonunun Saray qəsəbəsində qohumlar arasında düşən mübahisə ölümlə nəticələnib. Hadisə qəsəbədə fəaliyyət göstərən kafelərin birinin qarşısında baş verib. 55 yaşlı Saray qəsəbə sakini Muğan Əfqan oğlu Salikov şəxsi avtomobili ilə iaşə obyektinin qarşısına gələrək həmyerlisi "Kürd Vüqar" görüşüb. Şəxslər arasında söhbət sonradan mübahisəyə çevrilib. Nəticədə ikinci Muğanı yumruq zərbələri ilə yerə sərib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb. Onun meyiti morqa yerləşdirilib.


Şəmkirdə isə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib. Hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini, 20 yaşlı Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla öz ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.