Ermənistanda əhalinin narazılığı artır

15 Yanvar 2018 18:12

Ermənistan daha bir böhran mərhələsinə daxil olur. İqtisadi böhran fonunda hərbi sahədə hökm sürən özbaşınalıqlar əhalinin narazılığını artırır. Rüşvət, korrupsiya, sui-qəsd, ölüm hallarının çoxalması Ermənistan ordusunda adi hala çevrilib. Bir il ərzində hərbi hissələrdə 113 rüşvət faktı qeydə alınıb. Qeyri-döyüş şəraitində ölənlərin sayı 59 nəfər olub. Onlardan 23-ü intihar, digərləri isə qəza və ya sui-qəsddir. Belə halların artmasının əsas səbəbi isə hərbi sahədə hökm sürən hərc-mərclikdir. Bunun qarşısını almaq üçün vətəndaşları üsyana çağıran “Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan deyib ki, mövcud siyasi sistem ölkəni məhvə doğru aparır. Keçmiş deputat qeyd edib ki, hakim cinayətkar rejimə qarşısı mübarizə yalnız və yalnız ümumxalq itaətsizliyi aksiyalarının bərpası ilə mümkündür. Vətəndaşlar ayağa qalxaraq hökumətə etiraz etməlidirlər. Əks təqdirdə, Ermənistanda hökm sürən vəziyyət həllini tapmayacaq. Əksinə, büdcənin boşalması fonunda artan dövlət borcları, miqrasiya sosial-iqtisadi partlayışla nəticələnəcək. Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan da ümumxalq itaətsizliyi aksiyalarının bərpasının tərəfdarıdır. O vurğulayıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Ölkədə hökm sürən böhranın günahkarı hazırkı hakimiyyətdir. Hökumət sülh yolunu seçməsə ölkəni məhvə aparacaq. Ermənistanda prezident seçkisinin vaxtı bəlli olub. Şeçki martın 2-də baş tutacaq. Ermənistanın hakim Respublikaçılar partiyası isə namizədini bu həftə açıqlayacaq. Bununla bağlı partiyanın parlamentdəki nümayəndəsi Baqram Baqdasaryan açıqlama verib.