Azərbaycan ilk iyirmilikdə

13 Yanvar 2018 16:46

Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriya üzrə Azərbaycan "Böyük İyirmilik" ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatında" daha bir kateqoriya – "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.