Onların sükanı əldən çıxdı

13 Yanvar 2018 10:30

Yol hərəkəti qaydalarından xəbərsiz sürücülər çətin ki, qanundan yayına bilsin. Müasir texnologiya, polis əməkdaşları  onları vaxtında  aşkar edərək lazımı tədbirlər görür. Qanunu pozanlar ən yaxşı halda  cərimələrlə yaxa qurtarır. Lakin heç də bütün sürücülər belə şanslı deyil. Məsələn, qaydalara riayət etməyən, üstəlik özünü haqlı sayan və bu səbəbdən də yazılan protokollara məhəl qoymayıb cəriməni ödəməyənlər daha pis vəziyyətə düşür. “Şərti şumda kəsmədiyindən indi xırmanda yavalaşan” bu sürücü kimi daha bir nəfər sükan arxasından endirildi və avtomobili əlindən alınaraq cərimə meydançasına aparıldı. Polis əməkdaşları isə sürücüləri çıxılmaz vəziyyətlə üzbəüz qoyan məsələdə elə onların özlərini günahkar sayır. Belə hallardan dərs götürməyən sürücülərsə qaydaları pozmağa davam edir. Sanki özlərini virtual avtomobil oyunlarında hiss edirlər. Özlərini bu və digər səbəblə haqlı sayanlar bir şeyi unudur ki, qanunlar yalnız onların və ətrafdakı insanların təhlükəsizliyi üçün nəzərdə tutulub. Xatırlatmaq yerinə düşər ki, ötən ilin 11 ayında baş verən 1678 yol qəzası 687 nəfərin həyatına son qoyub.

 

GÜNDÜZ MƏMMƏDOV