ABŞ ATƏT-ə səsləndi

12 Yanvar 2018 14:05

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk qrupunu dəstəkləməyə çağırıb. Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Ancelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğu nəzərə alınmalıdır" deyə bəyanatda qeyd olunub. "Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək." Bunu isə Rusiyanın qurumdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Ancelino Alfanonun çıxışına cavab olaraq deyib. "Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır"- deyə Lukaşeviç qeyd edib. O həmçinin deyib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.