Dövlət Departamenti ABŞ vətəndaşlarına səsləndi

11 Yanvar 2018 16:41

ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb. Bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir. Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb. Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. "Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş Qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş Qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür". Azərbaycan Xarici İşlər Nazirliyi adı çəkilən məsələyə münasibət bildirərkən belə deyib. Məlumatda deyilir ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, hökumət ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır.