Mənzili güzəştlə almaq istəyənlərin nəzərinə!

11 Yanvar 2018 10:20

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi özündə 12 yaşayış binasını birləşdirir. Kompleksdə 1-2 və 3 otaqdan ibarət 1850 mənzil var. Layihənin tikintisi artıq yekunlaşmaq üzrədir. Mənzil İnşaatı Dövlət Agentliyinə mənzillə bağlı indiyədək 7500-ə qədər müraciət olunub. İkinci layihə isə Suraxanı rayonunun Hövsan qəsəbəsində reallaşdırılır. Xəzər dənizindən cəmi 2 kilometr məsafədə yerləşən  kompleks  20 hektar ərazini əhatə edir. Kompleksin ərazisində xəstəxana, 2 uşaq bağçası, ümumtəhsil məktəb və ticarət mərkəzi tikiləcək. Ərazidə nəqliyyat infrastrukturu qurulacaq, uşaq meydançası və yaşıllıqlar salınacaq. Sosial evlər layihəsi Binəqədi, Qaradağ rayonlarını da əhatə edəcək. Hətta Sumqayıt və Gəncə şəhərlərində, Lənkəran və Masallı rayonunda da sosial evlər tikiləcək. Qaydalara görə, ilk layihə üçün güzəştli mənzillərə sahib olmaq istəyənlər məbləğnin 10 faizini əvvəlcədən ödəyəcək. Odur ki, sosial evlərin alınması vətəndaşlar üçün daha sərfəlidir. Bəs güzəştli mənzillər kimlərə veriləcək və şərtlər necə olacaq? Bildirilir ki, ilk sosial evlərə yaşı 35-ə qədər olan gənc ailələr sahib ola biləcəklər. Bundan başqa, şəhid ailələri, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edənlər və daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olanlar, minimum 5 il dövlət ümumtəhsil məktəblərində müəllim işləyənlər, fəlsəfə doktoru elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər bu imkandan yararlana biləcəklər. Şərtlərə gəlincə, güzəştli mənzil alanlar onu 3 il müddətində başqasına sata, icarə və ya kirayəyə verə bilməzlər. Mənzillərin satış qiyməti bazar qiymətindən xeyli aşağı olacaq. Yasamal yaşayış kompleksi üçün müraciətlərin qəbulu hazırda da davam edir. Qeydiyyat elektron hökumət portalında aparılır. www.mida.gov.az və ya www.mida.az "internet-saytına daxil olmaqla "Elektron hökumət" bölümündə "Güzəştli mənzil" sisteminə daxil olmaq yetərlidir. Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur. Ödəniş üçün mənzil sahiblərinə 3 seçim təqdim olunacaq. Birincisi, İpoteka Fondunun güzəştli ipoteka kreditindən yararlanaraq ödəniş etmək. İkincisi, mənzil alan şəxs öz vəsaiti hesabına nağd pulla ödəniş edə bilər. Üçüncü seçim isə vətəndaş hansısa bir bankdan, maliyyə kredit təşkilatından kredit alaraq mənzil əldə edə bilər. Bu təcrübə qonşu Türkiyədə, Almaniya və  MDB ölkələrində də  mövcuddur.


SİMNARƏ HƏMİDQIZI