Keçmişin izləri müasir yollarda

08 Yanvar 2018 14:20

Avtomobil də şərab kimidir, qaldıqca daha çox dəyərə minir və diqqət cəlb edir. 20-30 il əvvəl onları hər gün küçələrdə görmək olardı, indi isə xüsusi günlərdə... “Volqa”, “Pobeda”, “ZAZ”, “Moskviç” kimi köhnə sovet maşınları ilə yanaşı, klassik “Mercedes”, “Şevrolet”, eləcə də digər marka və modelləri görmək üçün Bakının bütün avtomobil həvəskarları Qoşa Qala qapısına toplaşıb. Yürüşdə iştirak edən ən qədim avtomobilin 69 yaşı var. Bu 1949-cu il istehsallı “Plimut”dur. Paradın ən təzə maşını isə 1980-ci ilə aiddir. Retro avtomobil həvəskarları arasında zərif cinsin nümayəndələri də var. Retro avtomobil həvəskarları arasında gənclərə də rast gəlinir. Elmar Məliksoy kimi. Onun kolleksiyasında 1979-cu ilin istehsalı olan "QAZ 24" avtomobili var. Retro avtomobil həvəskarları Bakıdan Sumqayıta doğru yürüş ediblər. Yolboyu marağa səbəb olan bu maşınlar tarixin bir parçası, canlı əfsanələridir. Keçmişi olub yaddaşı olmayan dörd təkərin bizə söyləməyə çox sözü var. Onlar nə qədər rənglənib təzələnsə də, yenə də insanı xəyalən keçmişə aparır.


RAMİL ZEYNALLI