Sonrakı peşmançılıq fayda verməz...

30 Dekabr 2017 19:22

Adətən bayram ərəfəsində alışdığımız, gündəlik fəaliyyət rejimimizdən uzaqlaşıb özümüzə sərbəstlik veririk. Həm maddi, həm mənəvi, həm də fiziki mənada. Amma bütün hallarda qənaət vacib amildir. Bayram günlərində saxta endirim kampaniyalarına aldanıb bədxərclik etməyə dəyməz. Məlum məsələdir ki, hamı bayram abu-havasına qapılır, qayğılar istər-istəməz arxa planlara keçir. Əslində isə bu aralar təhlükəsizlik qaydalarına daha ciddi riayət olunmalıdır. Bəli, kiçik bir diqqətsizlik bədbəxt hadisələrə səbəb olabilər. Mütəxəssislər Yeni il üçün müxtəlif cür bəzədilmiş küknara diqqət çəkərək qeyd edirlər ki, onların ölçüləri quraşdırılacağı otağa uyğun olmalı, məkan çox darısqal olmamalıdır. Bundan əlavə yolkanın işıqlandırılması üçün quraşdırılan lampalar ardıcıl düzülməli və gərginlik 12 voltdan, cərəyan isə 25 vatdan çox olmamalıdır. İstənilən halda küknarın bəzədildiyi işıqların gecələr söndürülməsi məsləhət görülür. Xüsusilə uşaqlara diqqət yetirilməli, onlar yolka ətrafında, benqal şamları yandırarkən nəzarətsiz buraxılmamalıdır. Ərtafdakıları narahat edən pirotexniki vasitələrdən uzaq durmaq məsləhət görülür. Adətən bayram süfrələri bol çeşidli şirniyyatlarla zəngin olur. Yeməyin üstündən çayla şirniyyat məsləhət görülmür. Şəkər, təzyiq xəstələrinə daha diqqətli olmaları tövsiyə edilir. Kalorili yeməklərin çəki artımına səbəb olduğunu xatırlamağa, bunlara bir də təmiz havada gəzməyi qatmağa dəyər. Sadalanan təhlükəsizlik qaydalarına əməl olunması Yeni ilə sağlam və problemsiz başlamağa təminat verəcək.


 RAMİL ZEYNALLI