Bakıdakı hansı evlər söküləcək?

30 Dekabr 2017 11:45

Kubinka adlanan ərazi və Bakı Dövlət Sirkinin ətrafındakı köhnə tikililər 5-10 il ərzində söküləcək. Keşlə qəsəbəsi, “Xutor” və 20-ci sahədə də söküntü işləri aparılacaq. Paytaxtda köhnə və təmirə yaramayan binaların söküntüsü də nəzərdə tutulur. Buraya “xuruşovka”lar da daxildir. Amma onların da hamısı yox. Bundan əlavə Yasamaldakı "ASAN xidmət"in arxa hissəsindəki evlərin də tədricən sökülməsi nəzərdə tutulub. “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində Bakıətrafı kəndlər, qəsəbələr, Sumqayıt və Xırdalan şəhərləri də öz əksini tapıb. Bir sözlə, yeniliklər Abşeron rayonunun bir hissəsini də əhatə  edəcək. Bakının ətraf ərazilərində lokal mərkəzlər yaradılacaq. Artıq alış-veriş və gəzinti üçün şəhərin mərkəzinə gəlməyə ehtiyac qalmayacaq. Lokal mərkəzlər Sabunçu rayonu ərazisində, Maştağada, Biləcəri qəsəbəsi,  Lökbatan,  Novxanı, Hövsan və Zığda yaradılacaq. Yeni baş planda Bakıətrafı dəmiryol xətlərinin bərpası da nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzallarının ərazisi kiçildiləcək. Böyüdüləcək ərazilərə isə Dənizkənarı Milli Park daxildir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, Milli Parkın ərazisi 6 hekatara qədər uzadılacaq.  “Sovetski"də boşaldılan ərazinin bir hissəsi yaşıllıqla örtülüb, yol infrastrukturu qurulub. Təzəpir məscidi ətrafındakı yolların iki zolaqlı, digərlərinin isə üç və dörd zolaqlı olması da nəzərdə tutulub. Yanvardan “Sovetski”də digər məhəllələrdə 2 min evin köçürülməsinə start veriləcək. Bütün bu işlər "Bakının Regional İnkişaf Planı"na əsasən 2030-cu ilədək başa çatdırılmalıdır.  


SİMNARƏ HƏMİDQIZI