Siqaret çəkənlərin nəzərinə!

30 Dekabr 2017 09:48

İllədir ki, bu qanun üzərindəki çalışmalar artıq yekunlaşıb. Sənədə əsasən siqaret çəkməyənlərlə yanaşı çəkənlərin də hüquqları nəzərə alınmaqla, onlar üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulur. Siqaret çəkənlərin özlərindən əlavə ətrafdakılara da verdiyi zərərə görə hazırlanan qanunu sakinlərin əksəriyyəti dəstəkləyir. Hələ ki, təsdiqlənməyən qanun tütün məmulatlarından təhsil, səhiyyə, idarə və təşkilatlar, idman zalları, restoranlar, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları eləcə də ictimai-iaşə obyektləri və bir sıra məkanlarda istifadəni qadağan edir. Bəs bu qadağaya nəzarət mexanizmi necə həyata keçiriləcək? Sosioloqların fikrincə, siqaret çəkilməsi məhdudlaşdırılan yerlərdə tütün məmulatlarının yasaqlanması ilə bağlı xüsusi məlumatlar yerləşdirilməlidir. Maarifləndirmə işləri sürətləndirilməlidir. Bu işdə ictimai qınağa da xüsusi əhəmiyyət vermək lazımdır. Mütəxəssislər bildirirlər ki, bəzən insanlar dostlar arasında vaxt keçirdiyi zaman siqaretə bir əyləncə kimi yanaşırlar. Lakin sonradan bu, arzuolunmaz vərdişə çevirilir. Tütün məmulatlarından istifadəni qadağan edən qanunun hazırlanması da insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilməməlidir. Əksinə bu onların və övladlarının rahatlığı və sağlamlığı üçündür. Artıq bir sıra ölkələrdə məhdudiyyətlər qoyulan yerlərdə siqaret çəkmək olmaz. Türkiyə, Tailand, Amerika Birləşmiş Ştatlarının bir neçə şatatı, Avstraliya, Norveç, Finlandiya, İrlandiya kimi dövlətlərdə ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağan edilib. Qaydalara əməl etməyənlər isə müvafiq qaydada cəzalandırılır.


SAMİR NAMİQOĞLU