İtaliya mətbuatı Azərbaycandan yazdı

29 Dekabr 2017 12:01

“Bu ölkədə bütün təşəbbüslər şüar kimi irəli sürülmür, əməli olaraq həyata keçirilir”. Bu fikirlər İtaliya mətbuatında yayılan Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs edən məqalələrdə yer alıb. Yazılarda dekabrın 21-də Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransa da diqqət çəkilib, bu toplantı vasitəsilə Azərbaycanın bir daha yüksək səviyyəli beynəlxalq tədbirlər həyata keçirmək bacarığını nümayiş etdirdiyi vurğulanıb. Həmçinin konfransın açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin fikirlərinə də yer verilib. Dövlət başçısına istinadən qeyd olunub ki, Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub və İslam dəyərləri də bu dəyərlərin tərkib hissəsidir. Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəni gücləndirən amillərdəndir.