XİN 2017-ci ilin hesabatını verdi

28 Dekabr 2017 14:42

“Bu il də torpaqlarımızın Ermənistan tərəfindən işğalı ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq qalıb. Rəsmi İrəvan işğalı və status-kvonu saxlamaq siyasətini davam etdirib, işğala son qoyulmayıb". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazirlik rəsmisi bildirib ki, Ermənistan təxribatlar, eləcə də heç kimin tanımadığı qondarma referendum keçirməklə danışıqlar prosesini pozmaq üçün cəhdlər edib. Bütün bunların qarşılığında beynəlxalq ictimaiyyət növbəti dəfə birmənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ailələrinin məzarların ziyarət etmək üçün Kəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyevin azad olunması məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və Beynəlxalq qızıl xaç komitəsi ilə müzakirə olunub deyən nazirlik rəsmisi itkin düşən 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də işlərin aparıldığını vurğulayıb. Hikmət Hacıyev həmçinin bilidirib ki, 2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək. Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən artıq dövlət iştirak edir.