“Oscar”a həsrət Azərbaycan filmləri...

28 Dekabr 2017 10:14

Bəli, bu qəliz və məsuliyyətli sahənin bir əsrdən artıq tarixi var. Həmişə rəngarəng mövzu və maraqlı süjet xətti ilə tamaşaçıların zövqünü oxşayıb. Elm, sənət, mədəniyyət aləmində nə varsa, hamısı kinoda cəmləşib. Bütün dünya kino mədəniyyətindən bəhrələnib. Amma bu sahədə Hallivud və Ballivud kino sənayesi mərkəzləri demək olar ki, bütün dünyaya meydan oxuyur. Mədəniyyətimizin bir qolu olan kino Azərbaycanda da intibah dövrünü yaşayıb. Kinoşünaslar 60-70-ci illəri kino sənətinin ən parlaq dövrləri hesab edirlər. 90-cı illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi kino sahəsində də müəyyən durğunluq yarandı və bu proses uzun illər davam etdi. Lakin dövlətin dəstəyi ilə bu çatışmazlıq aradan qaldırıldı və kinonun inkişafı üçün vəsait ayrıldı. Bəs bu filmləri keyfiyyətcə qənaətbəxş hesab etmək olarmı? Bu gün biz kino mədəniyyətimizlə beynəlxalq festivallarda yetərincə təmsil oluna bilirikmi? Kinoşünaslar isə hesab edir ki, bu, kifayət etmir. Necə deyərlər, “OSCAR” kimi prestijli mükafatlar bizim üçün hələ nağıl olaraq qalır. Bəs səbəb nədir? 60-70-ci illərdə intibah dövrünü yaşayan filmlərimiz olsa da bu günki kinolar niyə yetərincə ölkəmizi təmsil edə bilmir? Müasir texnikanın olmaması da Azərbaycan filmlərinin dünyaya çıxarılmasında əngəl yaradan səbəblərdən biri kimi göstərilir. Mütəxəssislər deyirlər ki, hazırda Azərbaycanda filmlər dövlət sifarişi, kommersiya yolu və müstəqil rejissorlar tərəfindən çəkilir. Bunlar arasında kommersiya yolu ilə çəkilən filmlər çoxluq təşkil etsə də onlar da beynəlxalq festivallarda yetərincə təmsil olunmur. Ekspertlər deyirlər ki, kommersiya filmlərində digər problem süjet xəttinin əsasən komediya üzərində qurulmasıdır. Dram və psixoloji süjet xəttinə çox az yer verilir. Xatırladaq ki, kino sənətinin tarixi Lümyer qardaşlarının adı ilə bağlıdır. Onlar 1985-ci il dekabrın 28-də Parisdə balaca bir kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmin nümayişini təşkil ediblər. Buna baxmayaraq, onlar hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil. Ona görə də kinoya maraq tezliklə sönəcək. Lakin bunun əksi oldu və kino insanlar arasında maraqla qarşılandı və yayılmağa başladı. O vaxtdan dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur.


SİMNARƏ HƏMİDQIZI