Dərnəklərin uşaqların həyatındakı rolu

27 Dekabr 2017 10:19

Valideynlərin qarşıya qoyduqları əsas məqsədlərdən biri də övladlarını cəmiyyətə faydalı bir şəxs kimi yetişdirməkdir. Mütəxəssislər bildirirlər ki, uşaqların gələcəkdə sərbəst qərar verib, mühüm məsələlərin öhdəsindən gəlməsi üçün onları hələ balacalıqdan istiqamətləndirmək lazımdır. Bu işdə isə dərnəklərin rolu danılmazdır. Məktəblilərin dərslərindən əlavə müxtəlif biliklərə yiyələnməsi, onların dünya görüşünün inkişafına da müsbət təsir göstərir, yeniyetmələrin müqayisə etmək qabiliyyəti artır. Psixoloqlar bildirirlər ki, uşaqlar həyatı ailədən, pedaqoqlardan və ətraf mühitdən mənimsəyirlər. Buna görə də yeniyetmələrdən hansı sahəyə maraq göstərmələrini tez-tez soruşmaq lazımdır. Əgər bir sahəyə fikir yönələrsə uşaq özünü orada tapacaq. Bu onun psixi proseslərində hafizə, təfəkkür, nitq, məntiq və  şəxsiyyətinin formalaşmasında böyük rol oynayacaq. Mütəxəssislər bildirirlər ki, dərnəklər uşaqlarda özünə tənqidlə yanaşmanı, sərbəst qərar vermək hisslərini də aşılayır. Bundan əlavə yeniyetmələrin pis vərdişlərdən uzaq olmasında müstəsna rol oynayır.


SAMİR NAMİQOĞLU