Azyaşlıları "əsir" edən oyunlar...

25 Dekabr 2017 10:26

Bəzi azyaşlılar əllərinə pul düşən kimi üz tuturlar internet klublara. Məqsəd virtual oyunlar oynayıb əylənməkdir. O oyunlar ki, uşaqların psixologiyasına birbaşa təsir edir. Belə oyunları təkbaşına da oynamaq olur, qrup şəklində də. Uşaqlar oyun zamanı bir-birinə qarşı döyüşür, rəqiblərini öldürərək qalib olmağa çalışırlar. Elə buna görə də mütəxəssislər bildirirlər ki, kompyuter oyunlarının əksəriyyəti uşaqlarda aqressiya yaradır. Virtual oyunlar istifadəçilərinə əlçatmaz imkanlar yaradaraq, maqnit kimi cəlb edir. Bu oyunlar klassik oyunlardan tamamilə fərqlənir. Mütəxəssislərin fikrincə, uşaqların kompyuter oyunlarından asılı olmasının günahı ilk növbədə valideynlərdədir. Belə ki, ata-ananın diqqətindən kənarda qalan uşaqlar əsasən vaxtını internetdə keçirtməyə başlayırlar. "Oyunun növbəti mərhələlərini keçə bilməyən azyaşlı dərslərini ataraq, dəfələrlə həmin oyuna qayıdır. Beləcə bütün günü oyunu tamamlamağı düşünür".Təhsil Nazirliyinin nəzdində olan müəssisələrdə nəzarət olduğundan belə hallara rast gəlinmir. İnternet kafelərdə və evlərdə isə bunun qarşısını almaq müşkülə çevirilir. Əksər valideynlərin müasir texnologiya ilə ayaqlaşa bilməməsi də uşaqlar üçün sözün əsl mənasında fürsət yaradır. Ekspertlər çıxış yolunu maarifləndirmə üçün müəyyən proqramların hazırlanmasında görürlər. Mütəxəssislər bildirirlər ki, psixoloji təsirə malik oyunlar əksər hallarda məqsədyönlü şəkildə hazırlanır. Bəzi dövlətlər bunu müəyyən səbəblərə görə bilərəkdən cəmiyyətə sızdırır. Bütün bunları nəzərə alaraq, Almaniya, Cənubi Koreya, Çin, Tayland, Braziliya, Pakistan, Avstraliya, Danimarka, Rusiya və bir çox dövlətlərdə belə oyunların hazırlanmasına qadağa qoyulub. Bu işi reallaşdıranlarla bağlı hətta həbslər də qeydə alınıb.


SAMİR NAMİQOĞLU