18 min 540 əcnəbi qanunu pozdu

23 Dekabr 2017 18:00

"Miqrasiya qanunvericiliyinin tələblərini pozan 18 min 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib". Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev 2017-ci ilin yekunlarına həsr olunan xidməti müşavirədə deyib. O, bildirib ki, hesabat dövründə 2 milyon 570 min 14 halda 1 milyon 432 min 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 milyon 579 min 4 halda isə 1 milyon 439 min 23 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Diqqətə catdırılıb ki, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7 min 980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 min 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2 min 983 şəxsə isə daimi yaşama icazəsi verilib. Xidmətin Çağrı mərkəzinə ümumilikdə 102 min 629 zəng daxil olub. Xidmət rəisi həmçinin qeyd edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.