"Avropa ölkələrinin mövqeyi dəyişəcək"

23 Dekabr 2017 14:12

"Dünyada çox gərginlik var və bu, ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir". Bunu prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət sanki azalıb. "Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan Prezidenti ilə görüşlər keçirdi. Müzakirələr gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə çalışır. Prezidentin köməkçisi onu da bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində qəbul edilən bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır. "Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. İndiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra baş verməyəcək. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".