Onları əzməyin!

23 Dekabr 2017 10:15

Hava soyuduqca insanlar isti geyinməyə başlayır. Heyvanlar isə şaxtalı havada donmamaq üçün maşınların şinlərinin üstünə, ya da mühərrik hissəsinə sığınırlar. Bu da çox vaxt xoşagəlməz hallarla nəticələnir. 4 ildir ki, avtomobil idarə edən Arzu Səfərova deyir ki, bu müddət ərzində hər dəfə maşının mühərrikini işə salanda ətrafına nəzər yetirir ki, heyvanlara zərər yetirməsin. Arzu Səfərovadan fərqli olaraq, sürücülərin əksəriyyəti idarə etdikləri avtomobillərinə yalnız texniki məsələlərinə görə diqqət yetirirlər. Buna görə də heyvanların tələf olmaması üçün cəmiyyətdə maarifləndirmə işlərinin aparılması vacibdir. Əgər işdir birdən bilmədən heyvana xəsarət yetirmiş olsanız, bu zaman heyvanlar üçün nəzərdə tutulan xüsusi xilasetmə mərkəzlərinə müraciət edə bilərsiniz. Küçələrdəki yaralı və ya xəstə heyvanlar həmin mərkəzlərdə sağlamlığına qovuşaraq yenidən təbiətə buraxılır. Yalnız gözü çıxardılan və ya hər iki ayağını itirən canlılar mərkəzdə saxlanılır. Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin əməkdaşı Vüsalə Ali deyir ki, sığınacağa adətən qış aylarında 50-yə yaxın it və pişik gətirilir. Onların arasında soyuqdan az qala donan heyvanlar da olur. Onun sözlərinə görə, bu cür hallarla qarşılaşmamaq üçün insanlar adi məişət əşyalarından da sığınacaq düzəldə bilərlər. Baytarlar bildirir ki, soyuq havada itlər 17 saat, pişiklər isə 6 saat ac qalsa onların donma təhlükəsi daha da artar. Ona görə də küçə heyvanlarını qidalandırmaq da vacibdir. Elə qəhrəmanım Arzu Səfərova da yaşından asılı olmayaraq bütün insanları heyvanlara yardım etməyə və diqqətli olmağa səsləyir. Bütün deyilənləri nəzərə alaraq, qış aylarında əsasən sürücülərə bir daha diqqətli olmaq tövsiyə edilir. Elə edək ki, sonradan peşiman olmayaq!


SAMİR NAMİQOĞLU