İstismar, yoxsa həyat təcrübəsi?

22 Dekabr 2017 09:44

Yol kənarında maşın şüşəsi silən, təkər qaraldan, salfet satan azyaşlı uşaqlara tez-tez rast gəlinir. Üz-gözündən əzab və yorğunluq yağan azyaşlıların arasında bazarda alver edənləri də var, dilənçiləri  də. Mütəxəssislər deyirlər ki, dilənçilər istisna olmaqla küçələrdə əməyə cəlb olunanların sayı əvvəlki illərlə müqayisədə xeyli azalsa da, bu kimi hallara yenə də rast gəlinir. Uşaqların əməyə cəlb olunmasını isə əhali arasında normal qarşılayanlar da var, bunun əksini düşünənlər də. Ekspertlər deyirlər ki, uşaq əməyindən istifadə faktı Azərbaycandakı iri şirkətlərdə ümumiyyətlə yoxdur. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından bu kimi hallara yalnız bəzi kafe və restoranlarda rast gəlinir. Ölkəmizdə uşaq əməyindən xidmət sahələrində daha çox istifadə edilsə də, qeyri-formal əmək bazarında belə faktlar az olduğundan onların hesabatı aparılmır. Bildirilir ki, uşaqların təhsilə cəlb edilmədən küçələrdə xırda əşyalar satması gələcəkdə onların davranışında dağıdıcı, zərərverici meylləri artırır. Qısası, azyaşlıların erkən vaxtlardan pul qazanması uşaqları cinayətə sürükləyə bilər. Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 18 ya­şa qə­dər olan­la­rın işə qə­bu­lu zamanı va­li­deyn­lə­r­dən bi­ri­nin ra­zı­lı­ğı mütləqdir. Gün­də­lik iş vax­tı­nın müd­də­ti isə 6 sa­at­dan çox olmamalıdır. Qanunla 15 ya­şı­na çat­ma­mış şəx­sin məc­bu­ri əmə­yə cəlb olun­ma­sı­na gö­rə, və­zi­fə­li şəxs­lər 1000 ma­nat­dan 1500 ma­na­ta­dək, hü­qu­qi şəxs­lər 3000 ma­nat­dan 5000 ma­nat­da­dək məb­ləğ­də cə­ri­mə edi­lə bilərlər. Mütəxəssislər deyirlər ki, uşaq əməyinin istismarında əsasən valideynlər günahkardırlar. Bəzən onların artıq  qazanc əldə etmək istəyi bölgələrdə azyaşlıların təsərrüfat işlərinə cəlb edilməsi ilə nəticələnir. Bununla bağlı qanunda valideynlik hüququndan məhrum edilmə cəzası da var. Lakin mütəxəssislər deyirlər ki, bu faktla bağlı indiyədək heç bir valideyn atalıq və  analıq hüququndan məhrum edilməyib. Necə deyərlər, qanun yalnız kağız üzərindədir. Azərbaycan 1992-ci ildən uşaq Hüququları Konvensiyasına qoşulduğundan belə halların qarşısı xeyli alınıb. Xatırladaq ki, dün­ya­da 270 milyon­dan ar­tıq uşağın əmə­yi is­tis­mar olu­nur. Hindistan və Banqladeş kimi ölkələrində  belə faktlara daha çox rast gəlinir.


SİMNARƏ HƏMİDQIZI