Yer qıtlığı, yoxsa sürücü səhlənkarlığı?

21 Dekabr 2017 15:03

Paytaxtda avtomobillərin düzgün park edilməməsi piyadalar, eləcə də sürücülər üçün maneə yaradır. Qaydaları pozanlar duracaqların azlığını əsas gətirirlər. Onlar yeraltı dayanacaqlardakı qiymətlərin isə büdcələrinə uyğun olmadığını deyirlər. Bir sözlə, müxtəlif bəhanələrlə maşınını lazım olan yerdə saxlamayanların sayı kifayət qədərdir. “Bir dəqiqəlikdir” deyib, avtomobilini tərk edən sürücülər saatlarla maşınlarını ərazidən götürmürlər. Elə sürücülər də oldu ki, “qaydalara görə burada saxlamaq olmaz!” fikirinə bu cür münasibət bildirdilər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər isə əsasən avtobus dayanacaqlarını zəbt edirlər. Bu səbəbdən də avtobus sürücüləri dayanacağa daxil ola bilməyib nəqliyyat vasitəsini yolun ortasında saxlamaq məcburiyyətində qalırlar. Nəticədə yenə də əziyyət çəkən piyadalar və arxadan gələn sürücülər olur. Tıxaclar yaranır. Yol hərəkəti haqqında qanuna görə, tələbləri pozaraq maşınını avtobus dayanacağında saxlayan sürücülər 40 manat məbləğində cərimə oluna bilərlər. Bu məlumatın mütəmadi çatdırılması, maarifləndirmə işlərinin aparılması son dövlər belə halın statistikasında azalmaya səbəb olub. 40 manatlıq cərimə bəzi hallarda sürücüləri maşınları piyada keçindində parklamaqdan belə çəkindirmir. Qanuna görə, piyada keçidində dayanmaq durmaqdan əlavə, keçidə 5 metr qalmış da avtomobili saxlamaq olmaz. Belə olan halda paralel gedən sürücü piyadanı görmür. O ki qaldı maşınların səkilərdə parklanmasına... Ərazidə nişanların olmaması sürücünün diqqətsiz olmasına, idarə etdiyi nəqliyat vasitəsini yolun hərəkət hissəsində, ikinci cərgədə, piyada səkilərində  və yol kəsişmələrinin yaxınlığında saxlamasına əsas vermir. Belə olduğu halda sürücü inzibati xəta tərkibi yaradır və məsuliyyətə cəlb edilir.


SAMİR NAMİQOĞLU