"Şəhidliyin Rahim Tağıyev zirvəsi" təqdim olundu

21 Dekabr 2017 14:56

"Şəhidliyin Rahim Tağıyev zirvəsi" adlı sənədli filmin təqdimatı keçirildi. Filmin qəhrəmanı Aprel döyüşləri zamanı şəhid olub. 45 dəqiqəlik sənədli filmdə şəhidin həyatından və keçdiyi döyüş yolundan bəhs edilir. Çəkilişlər Rahimin anadan olduğu, Şəkidə, yaşadığı Mingəçevirdə və döyüşdüyü Goranboy istiqamətində aparılıb. Filmdə Rahimin ailəsi bildirib ki, o, hələ uşaq ikən orduya böyük həvəsi olub. “Qarabağ bizimdir, bizim olacaq” şüarı bir an belə dilindən düşməyib. Elə bu arzu ilə də hərbi məktəbə daxil olub. Gizir rütbəsindən tank komandiri vəzifəsinədək yüksələn Rahim döyüşlərdə göstərdiyi şücaətə görə müxtəlif mükafatlarla təltif edilib. Ən qaynar nöqtələrdə döyüşüb. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib. Aprel döyüşlərində əldə olunan qələbədə Rahimin də payı var. Film Azərbaycan-Slavyan Gənclər Assosiasiyası, Gənclər Fondu və ARB-24 TV-nin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.


SİMNARƏ HƏMİDQIZI