Balaca budoçunun böyük uğurları

21 Dekabr 2017 09:33

İsmayıllı rayon Ağbulaq kənd sakini 10 yaşlı Əkbərova Ləman azyaşlı olmasına baxmayaraq idman sahəsində böyük nailiyyətlər əldə edib. Əkbərovlar ailəsinin ikinci övladı olan Ləman 2 ildir əlbəyaxa döyüş növləri ilə məşğul olur. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkil etdiyi ölkə miqyaslı yarışlarda dəfələrlə həmyaşıdlarına qalib gələn Ləman çoxlu sayda diplom və medallar qazanıb. O, bu döyüş növü üzrə Gürcüstanda keçirilən Dünya çempionatında, Bakıda isə dünya və Avrasiya kuboku yarışlarında qələbə uğrunda mübarizə aparıb. Balaca idmançımızın bu yarışlardan da qazancı qızıl medallar olub. Ləmanın qatılıdığı bütün yarışlarda qələbə qazanmasının ən böyük səbəbkarlarından biri onun məşqçisidir. Bayram Qəhrəmanovun sözlərinə görə, Ləmanın məşqlər zamanı çevikliyi, idmana olan həvəsi ona oğlanlarla müqayisədə daha yaxşı döyüşməyə imkan verir. Ləmana ən böyük dəstəyi isə ailəsi və təhsil aldığı məktəbin müəllimləri verir. İdmanla yanaşı, təhsilinə də məsuliyyətlə yanaşan Ləman müəllimlərinin sevimli şagirdinə çevrilib. Qatıldığı yarışlardan alnı açıq, üzü ağ çıxan Ləman ailəsini hər zaman sevindirməyi bacarıb.