Nə az, nə çox 43 cinayət

20 Dekabr 2017 14:50

Suraxanı rayonu ərazisində ayrı-ayrı vaxtlarda törədilən 43 cinayətin üstü açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Araşdırmalarla onların paytaxt sakini Fuad Həsənov və Ağdam sakini, əvvəllər məhkum olunan Vaqif Allahyarov olduqları müəyyən edilib. Əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Saxlanılanların bu ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, kompyuter salonundan, mərc oyunları məntəqəsindən, çay evindən və həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyənləşib. Oğurlanan 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd “playstation” kompyuteri maddi sübut kimi götürülüb. Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.