Yeni ili harada qarşılayaq?

20 Dekabr 2017 09:40

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Mərkəzi küçələrdə yolkalar qurulub, küçə və parklar bəzədilib. Necə deyərlər, paytaxtda əsl bayram əhval-ruhiyyəsi yaşanır. Hər il olduğu kimi bu il də "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası təşkil edilib. Yarmarkada alıcılara suvenirlər, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri, eləcə də qida məhsulları təklif olunur. Bakının bu gözəlliyini görmək üçün artıq indidən ölkəmizə xeyli turist gəlib. Bəs görəsən şəhər sakinləri üzümüzə gələn ili harda və necə qarşılayacaqlar? Qarlı-buzlu hava istəyənlər əsasən Moskva, Sankt-Peterburq kimi soyuq şəhərlərə, qış fəslində yay abu-havası yaşamaq istəyənlər isə əsasən Ərəb ölkələrinə üstünlük verirlər. Mütəxəssislər deyirlər ki, Yeni ili Dubay və Avropa ölkələrində qeyd etmək istəyənlərin sayı daha çoxdur. Hətta bu istiqamətlərə yerlər az olduğundan qiymətlərdə də bahalaşma qeydə alınıb. İstirahət üçün qonşu şəhərlər arasında ən çox Sankt-Peterburq və İstanbula üstünlük verilir. Qiymətlərə gəlincə, Yeni ili Sankt-Peterburqda qarşılamaq adambaşına minimum 410 avroya başa gəlir. Fransa turu 900 avro,  Dubayda istirahət isə 760 ABŞ dollardan başlayır. Yeni ilin gəlişini qeyd etmək üçün Azərbaycanın müxtəlif bölgələrinə üz tutanlar da az deyil. Yerli turistlər əsasən ənənəvi olaraq, Quba-Qusar, Qəbələ, İsmayıllı və Şamaxıya üstünlük verirlər. Hətta son illər Gəncəbasar və cənub bölgəsinə də maraq artıb.  Xidmət isə turpaketdən asılı olaraq dəyişir. Mütəxəssislər deyir ki, əvvəlki illərlə müqayisədə Yeni ili xarici ölkələrdə qeyd etmək istəyənlərin sayı xeyli azalıb. Mütəxəssislər daxili turizmə marağın artmasını məsafənin yaxın olması ilə əlaqələndirirlər. Yeni ilqabağı sosial şəbəkələrdə bölgələrlə yanaşı xarici ölkələrə də turlar təklif olunur. Qiymətlərə gəlincə, 2018-ci ili Moskvada qarşılamaq üçün 3 günlük istirahət adambaşına 485 manata başa gəlir. Bu məbləğə yalnız otel pulu daxildir. Qalan təyyarə bileti, sığorta pulunu şəxsi xərcləriniz hesabına təmin etməlisiniz. Sankt-Peterburqda 5 gün yeni il istirahəti 382 avro təşkil edir. Şarm Əl-Şeyxdə 7 günlük Yeni il tətili edənlər 1338 manatından, Dubayda 4 gün istirahət etmək istəyənlər isə 654 avrosundan keçməlidirlər. Bu qiymətlərə yalnız otel və qidalanma daxildir. Bölgələrə gəlincə, Şəkidə 4 günlük istirahət 1170 manata, Qusarda 4 günlük istirahət isə bir nəfərə 343 manata başa gəlir. Qiymətə gündə iki dəfə yemək və Yeni il qala gecəsi daxildir. Qubadakı məşhur otellərin birində bir günlük istirahət 150 manat, "Şahdağ”da isə 90 manat təşkil edir. Bura yemək və yol pulu daxil deyil. Ekspertlər deyir ki, mövsümlə əlaqədar qış turizminə üz tutanlar çox olduğundan qiymətlər də bir qədər yüksəkdir. Yeni ili xarici ölkələrdə və bölgələrdə qarşılamaq istəyən təkcə yerli vətəndaşlar deyil. Bayramla əlaqədar Türkiyə, Rusiya, Gürcüstan və Avropa ölkələrindən paytaxta və  bölgələrə üz tutanlar da çoxdur. Mütəxəssislər deyirlər ki, son iki ildə ölkəmizə gələn turistlərin sayında 25 faiz artım var. İlk yeri də Ərəb ölkələrindən gələnlər tutur. Bildirilir ki, turist axını ölkəmizə valyuta axınını artırmaqla yanaşı, turizmin inkişafına da müsbət təsir göstəcək.

 

SİMNARƏ HƏMİDQIZI