Endirim oyunları

19 Dekabr 2017 14:35

“Mallara 40-50, hətta 80 faiz endirim”, “nə alsan, 10 manata”, “ikisini alana biri hədiyyə”. Bu tip yazılar bəzi hallarda alıcıların aldanmasına hesablanır.  Qəhrəmanım Vasif Məmmədov da deyir ki, bir neçə gün əvvəl geyim alarkən az qalıb, dırnaqarası endirimin şokuna düşsün. Ekspertlər bildirir ki, son vaxtlar alıcılıq qabiliyyətinin nisbətən azalması, eləcə də ilin sonunun yaxınlaşması bəzi sahibkarları endirimlər etməyə vadar edib. Yeni ilqabağı gözqamaşdıran endirim elanlarının sayı çoxalıb. Mövsümü endirimlər də bəzən alıcıların aldadılmasına hesablansa da, bir çox hallarda istehlakçıların işinə yarayır. Alıcılar qışın malını yayda, yayın malını isə qışda almaqla xeyli qabağa düşdüklərini deyirlər. Bəzi mağazalarda malların üzərindəki etiketlərdə yalnız endirimli qiymətlər öz əksini tapır. Endirimdən əvvəlki qiymətə isə rast gəlinmir. Belə olan halda müştəri aldığı məhsulun qiymətində həqiqətən endirim olub-olmadığını dəqiqləşdirə bilmir. Bu da istehlakçı hüququnun birbaşa pozulması deməkdir. Nazirlər Kabinetinin qərarına əsasən, satılan malların üzərində hətta maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədi və sertifikatının olması da mütləqdir. Təəssüflər olsun ki, apardığımız araşıdırmalar zamanı məsul şəxsin imzası ilə ümumiyyətlə rastlaşmadıq. Sahibkarlar nəzərə almalıdırlar ki, müştərilərin mağazaya olan etibarından sui istifadə edərlərsə, dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Müştəri aldadıldığının fərqinə varsa mağaza sahibini məhkəməyə vermək hüqüquna malikdir. Alınan mal istehlakçını qane etməzsə, o, onu dəyişdirə və ya14 gün müddətində geri qaytara bilər. Sadəcə bu zaman kassa çekinin olması vacib amillərdəndir.


SAMİR NAMİQOĞLU