Çörəyi Azərbaycandan çıxanlar

18 Dekabr 2017 09:21

Son illər getdikcə sürətlənən və miqyası daim böyüyən qloballaşma proseslərinin əsas amillərindən biri məhz miqrasiyadır. Bütün dünyada artan miqrasiya təbii proses adlandırılır. Təsadüfi deyil ki, BMT-nin qərarıyla 17 ildir ki, 18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Azərbaycan müstəqillik illərindən sonra MDB-də ilk miqrasiya axını ilə üzləşən ölkələrdən olub. Pakistanın Karaçi şəhərindən olan Şahid Çohan da belə şəxslərdəndir. Şahid artıq 10 ilə yaxındır “çörəyini Azərbaycandan çıxarır”. Daha əvvəl toxuculuq sahəsində çalışıb. İndi isə turizm şirkətinin sahibidir. Qəhrəmanımız kimi talelərini ölkəmizə bağlayan işçi miqrantların sayı çoxdur. Dünyada və regionda baş verən proseslər ölkəmizə miqrant axınını daha da gücləndirib. Bu sahədə normativ hüquqi aktların qəbul olunması və zamanla yenilənməsi, əmək prosesi ilə bağlı münasibətlərin tənzimlənməsi, viza üçün lazım olan sənədlərin sayının azaldılması ölkəmizi iş axtarışında olan əcnəbilər üçün daha çox cəlb edib. Bir neçə gün əvvəl əcnəbilərin 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilib. Artıq 4 aydır qeyri-iş və bayram günlərində də “ASAN Viza” ilə bir neçə saata viza əldə etmək mümkündür.  Təqdim olunan sənədlərin sayı azaldılıb. Əməkçi miqrantların hüquq və azadlıqlarının qorunmasına Azərbaycan həssas yanaşıb. Buna baxmayaraq ilin 11 ayında ölkədə qanunvericiliyin tələblərinə əməl etməyən əcnəbilər də az olmayıb - 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkə ərazisindən inzibati qaydada çıxarılıb.

 

RAMİL ZEYNALLI