Fransada girovlarımıza azadlıq tələb olundu

16 Dekabr 2017 14:16

Ermənistanın Fransadakı səfirliyinin qarşısında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib. Nümayişçilər əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını və müxtəlif plakatlar tutublar. Fəallar "Ermənistan aqressiyaya son ver!", "Girovları azad et!", "Qarabağdan əlini çək!" kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların fiziki və psixoloji işgəncə şəraitində girov sağlandığını qeyd ediblər.  Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birləşmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib. Birinə 22 il, digərinə isə ömürlük həbs cəzası verilib.


ORUC MANSIROV