"Səssiz ölüm"ün qurbanları...

16 Dekabr 2017 09:53

Son bir həftədə dəm qazından təkcə paytaxtda 18 nəfər zəhərlənib.   Onlardan 2-i hələ də xəstəxanadadır. Boğulanlara Bakı ilə yanaşı bölgələrdə də rast gəlinir. Bəs bu qədər maarifləndirmə işləri aparılırsa dəm qazından zəhərlənmə və ölüm halları niyə davam edir?  Statistikaya nəzər salsaq görərik ki, 2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənənlərin sayı xeyli azalıb. Daha dəqiq desək, keçən il 455 nəfər zəhərlənmişdisə, bu ilin 9 ayı üçün bu göstərici 207 olub. Amma görünür bu rəqəmi də miniuma endirmək üçün maarifləndirməyə yenə ehtiyac var. Mütəxəssislər bildirir ki, soba quraşdırılan mətbəxdə mütləq nəfəslik olmalıdır. Bundan əlavə mətbəxin hündürlüyü 2 m 20 sm-dən az ola bilməz. Eyni hündürlüyə vanna otağı da malik olmalıdır. Hamamın qapısının xaricə açılması mütləq şərtlərdəndir. Qapının döşəməyə yaxın hissəsində 2-3 santimetr diametrində hava axını üçün dəliklər qoyulmalıdır. Həmin dəliklər vanna otağının havasını bir saat ərzində 3 dəfə dəyişir. Dəm qazından zəhərlənmələrə həm də xaricdən gətirilən, standartlara cavab verməyən qaz sobaları səbəb olur. Bəzi yerli idxalçılar maliyyə məsələlərinə görə sobaların üzərindəki klapanları quraşdırmadan ölkəyə gətirirlər. Əslində isə hər bir sobanın üzərində 4 klapan olmalıdır. Bu klapanlar qazın nəqli dayandıqda, eləcə də boruda problem yarandıqda bağlanır. Deyilənlərə əməl etməyib dəm qazı ilə boğulma təhlükəsi ilə üzləşənlərə ilkin tibbi yardımın vaxtında edilməsi vacib məsələdir. Həmin halda ani gecikmə belə insanı həyatından edə bilər. Dəm qazından zəhərlənənlərin hərarəti sürətlə aşağı düşür. Buna görə də təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkmişin üstünü örtmək lazımdır. Fövqaladə Hallar Nazirliyi qış mövsümü ilə əlaqədar əhalinin qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması və dəm qazından zəhərlənmələri nəzərə alaraq, maarifləndirmə işlərinin mütəmadi aparıldığını bildirir. Ekspertlər fikrincə, olunan xəbərdarlıqlara əməl etməyənlərin aqibəti sonda bədbəxt hadisələrlə yadda qalır.


SAMİR NAMİQOĞLU