Ermənistan gec işə düşən bomba hazırlayır

15 Dekabr 2017 14:04

"Son vaxtlar dünyanın bəzi ölkələrində faşizmin və terrorizmin populyarlaşdırılması, başqa xalqlara və millətlərə münasibətdə dözümsüzlük müşahidə olunur. BMT Baş Assambleyası bunu nəzərə alaraq yaxın vaxtlarda “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Təəssüflə qeyd etmək istəyirəm ki, bu qətnamə bir qədər gecikib, onu bir neçə il bundan əvvəl qəbul etmək lazım idi". İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun bu fikirləri nüfuzlu ingilisdilli “Jerusalem Post” qəzetindəki məqaləsindəndir. Müəllif “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli yazısında vurğulayır ki, bu gün Avropa və ərəb ölkələrinin çoxunda millətçilik, ksenofobiya, şovinizm və antisemitizmin tüğyan etdiyi bir vaxtda Azərbaycanda belə faktlar yoxdur və heç vaxt olmayıb. Ermənistanda isə tamamilə bunun əksi olan vəziyyət müşahidə olunur. Arye Qutun sğzlərinə görə, Ermənistanda faşizm ideologiyası, irqi ayrıseçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı, antisemitizm də tüğyan edir. Məqalə müəllifi vurğulayır ki, belə hadisələri gec işə düşən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terror işini davam etdirəcəklər. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya birliyi Ermənistanda faşizmin və terrorizmin təbliğinə göz yumarsa və ya bundan sonra da susmaqda davam edərsə, onda sabah Yerevanın mərkəzində Njdenin heykəli ilə yanaşı Hitlerə də abidə qoyulsa, heç kəs heyrətlənməsin.