"Ermənistan Xocalıya görə cavab verməlidir"

15 Dekabr 2017 10:50

Rəsmi Ankara Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına dair bəyanat yayıb. Sənəddə Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamasının əsassız olduğu bildirilir. Qeyd edilir ki, erməni nazirin protokolların təsdiqlənməsindəki gecikmələrin məsuliyyətinin Türkiyənin üzərinə düşdüyünə dair iddiaları həqiqəti əks etdirmir. “Ölkəmizin protokol məsələsində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyişin əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır - deyə açıqlamada vurğulanır. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında Edvard Nalbandyanın çıxışında dilə gətirdiyi “soyqırımı” iddialarının həqiqəti əks etdirmədiyi bildirilir. SİTAT: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir” Sitatın sonu.